Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə əməkdaşlıqla həyata keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov ermənilərin bu ərazidə törətdiyi dağıntılardan danışıb. O bildirib ki, bunun bərpası üçün enerji, sərmayə və güc lazımdır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov fəal iştiraka görə İslam ölkələrindən gələn gənclərə təşəkkür edib.
O bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür tədbirin keçirilməsi qürurvericidir. Nazir belə tədbirlərin davamlı olmasını arzuladığını dilə gətirib. Ölkəmizin başa çatmaqda olan il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən, COP29 kimi mötəbər qlobal konfransı yüksək səviyyədə təşkil etdiyini bildirib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan deyib:
"Bu transformativ il ərzində keçirilən tədbirlərə ev sahibliyi etdikləri üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.
Şuşa mədəni müxtəlifliyi, dözümlülüyü və yaradıcılığı ilə dünyada misilsiz bir nümunədir. Bu gün biz yalnız ilhamlandırıcı proqramın nəticələrini deyil, həm də Azərbaycan Respublikası ilə İƏGF arasındakı misilsiz tərəfdaşlığı qeyd etmək üçün buradayıq. Son beş ildən çox bir müddət ərzində əməkdaşlığımız birlik və ortaq məqsədin parlaq nümunəsinə çevrilib. Birlikdə mədəni mübadilə, sosial-iqtisadi inkişaf, diplomatiya və texnoloji yeniliklər sahəsində bir çox uğura imza atmışıq".
Üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.
Qeyd edək ki, tədbirin rəsmi hissəsinin sonunda "Gənclər paytaxtı"nın simvolik açarı şuşalı gənclər tərəfindən Mərakeş rəsmilərinə təqdim edilib.
"İƏT Gənclər paytaxtı gənclər forumu" gələn il Mərakeşdə keçiriləcək.