DÜNYA28.11.2024 10:00

Fransızların 63 faizi Makronun istefasını istəyir

6681

Fransızların təxminən üçdə ikisi (63 %) hökumətə etimadsızlıq göstəriləcəyi təqdirdə, prezident Emmanuel Makronun istefasını zəruri sayıb.

“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalının sifarişi ilə “Elabe” İnstitutu tərəfindən keçirilən sorğuda bildirilib.

Sorğuya əsasən, bu istəyi “Milli Birlik” (83%) və “Yeni Xalq Cəbhəsi”nə daxil olan sol partiyaların (76%), həmçinin “Respublikaçılar”ın (48%) və hətta Makronun "İntibah" partiyasının daxil olduğu "Respublika uğrunda Birlikdə" koalisiyasının seçicilərinin 27%-i bölüşür.

Sorğuya görə, fransızların əksəriyyəti hesab edir ki, hökumət etimadsızlıq səsverməsi ilə üzləşərsə, bunun məsuliyyətini Makron daşımalıdır. Respondentlərin 53%-i bu fikirdədir.

Hökumətə və prezidentə etimad məsələləri Fransanın 2025-ci il üçün büdcəsi ilə bağlı səsvermə fonunda fəal müzakirə olunur. Hakimiyyət onun qəbulu üçün parlamentin səsverməsi olmadan qanunların təsdiqlənməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməyi planlaşdırır. Bu addım nümayəndələri etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etmək niyyətində olan müxalifətin kəskin tənqidinə səbəb olub.

Sorğuya əsasən, Mişel Barnye hökuməti etimadsızlıqla üzləşərsə, o zaman fransızlar siyasi mənsubiyyəti olmayan ekspertlərdən ibarət "texniki" hökumətin formalaşdırılmasını istəyirlər (69%). Bu ssenari sol partiyalarla prezident düşərgəsi arasında koalisiya variantından (44%) daha populyardır.

Daha əvvəl Makron bildirmişdi ki, iqtisadi qeyri-sabitlik şəraitində büdcənin operativ təsdiqlənməsi üçün 49.3-cü maddədən istifadə zəruridir.

YUXARI