CƏMİYYƏT26.8.2024 17:08

Dünya Azərbaycan Qadınları Mehriban Əliyevanı təbrik edib

53874

Dünya Azərbaycan Qadınları İctimai Birliyinin üzvlərinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı  doğum günü təbrik məktubu.

Hörmətli Mehriban xanım,

Sizi Dünya Azərbaycan Qadınları İctimai Birliyinin üzvləri adından doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında göstərdiyiniz  yüksək xidmətlərdə uğurlar və nəaliyyətlər arzulayırıq. 
Ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyiniz humanist və xeyirxah fəaliyyəti yüksək qiymətləndirir və Sizi heyranlıqla  təqdir edirik. 

2014-cü ildə Sizin səyləriniz nəticəsində kəlağayı sənətinin  Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib. Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, cari ildə Azərbaycan kəlağayı sənətinin “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi münasibətilə dünya Azərbaycanlı qadınları arasında “Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı” müsabiqəsi keçirdik. Müsabiqəyə Azərbaycandan əlavə dünyanın müxtəlif ölkələrindən (Türkiyə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Misir, Rumıniya, İordaniya, Kanada və s.) 600 obrazla 250 xanım iştirak etdi. Sevindirici hal o oldu ki, müsabiqəyə əcnəbi xanımlar da maraq göstərdilər və Kəlağayı ilə obrazlar təqdim etdilər.

Ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi və ən əsası Ana dilimizi qoruyub saxlayıb yaşatmaq, təbliğ etmək, xaricdə böyüyən nəslə ötürmək üçün bu istiqamətdə bir çox layihələr həyata keçirmişik və Sizin fəaliyyətinizi nümunə götürərək bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Dünyanın hansı ölkəsində yaşasaq da, Cənab Prezidentimizin siyasətini həmişə dəstəkləyir, Dövlətimizin maraqlarına xidmət edirik.

Çox hörmətli Mehriban xanım,

Siz müasir Azərbaycan qadınının ən gözəl təcəssümüsünüz və beynəlxalq müstəvidə uğurlu qadın nümunəsisiniz. Biz Sizə inanırıq və həmişə Sizi dəstəkləyirik!

Dərin hörmətlə,
DAQİB-nin sədri, Xatirə Qəmbərova,
Sədr müavini Ülviyyə Abbasova və İctimai Birliyin üzvləri.
 

YUXARI