Buxarest Universiteti, Buxarest Şəhər Muzeyin və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil Komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr sayının təqdimatı keçirilib.
Qeyd edilib ki, jurnalda dərc olunmuş Azərbaycan mədəniyyətini, adət-ənənələrini, ümumilikdə mədəni irsi müxtəlif aspektlərdən araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin müəllim və professor heyəti tərəfindən hazırlanıb.
Həmçinin, jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və Azərbaycanın müxtəlif regionlarının fotogörüntüləri də yer alıb.
Jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu salnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.
Tədbirdə çıxış edən professor Katalin Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın gələcək perspektivlərindən danışıb.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlıq edərək jurnalda dərc olunan məqalələrin Azərbaycanın Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Rumıniya arasında münasibətlərdən söz açan diplomat ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib.
O, Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar.
Gürcüstanın Rumıniyadakı Səfirliyinin və Rumıniyada yaşayan Gürcüstan ictimaiyyətinin nümayəndələri də tədbirdə iştirak ediblər.
Sonda qonaqlar Azərbaycanın inkişafına həsr olunan sərgi ilə tanış olublar. (Report)