MEDİA və QHT7.12.2024 03:00

Bu ölkədə Qərbi Azərbaycanlılar Birliyi yaradıldı

5028

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində həmin ölkədə yaşayan Qərbi azərbaycanlıların təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev açılış nitqi ilə çıxış edərək tarixi faktlarla ermənilərin Qərbi Azərbaycanda əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları rol barədə məlumat verib.

İclasın sədri Vidadi Qurbanov yaradılacaq ictimai birliyin rəhbəri və onun müavini vəzifəsinə namizədlərin irəli sürülməsi üçün müraciət edib.

İclas iştirakçıları İsmayıl Məmmədovun təklifi əsasında “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan İlham Abdullayevin, müavin vəzifəsinə isə Ədalət Qocamanovun namizədliyini dəstəkləyib.

Konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlib.

YUXARI