Azərbaycan hökumətinə və faciəvi təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd “X”dəki hesabında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yazıb.
“Bu kədərli vaxtda sizinlə birlikdəyik və sağ qalanlara şəfa və tam sağalma üçün dua edirik”, - BMT Baş katibinin müavini əlavə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.