Bakıda 1-3 noyabr 2024-cü il tarixlərində baş tutan Pediatriya Konfransı, Türkiyə Milli Pediatriya Dərnəyi və Azərbaycan Pediatriya Cəmiyyətini bir araya gətirərək hər iki ölkənin pediatriya sahəsində ən qabaqcıl mütəxəssislərini bir platformada toplamağı hədəfləyib. Tədbir, uşaq sağlamlığı sahəsindəki ən aktual elmi inkişafları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.
2005-ci ildən beynəlxalq pediatriya birlikləri ilə əməkdaşlıq çərçivəsində elmi görüşlər təşkil edən Türkiyə Milli Pediatriya Dərnəyi, bu dəfə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirməyi hədəfləyir. Orzax Pharmaceuticals şirkətinin dəstəyilə təşkil olunan konfrans, iki ölkənin pediatriya sahəsində birgə fəaliyyətini genişləndirməklə yanaşı, mütəxəssislər arasında əməkdaşlığı və həmrəyliyi də gücləndirəcək.
Konfransda dünya pediatriyasında baş verən mühüm yeniliklər, müasir müalicə üsulları, uşaq sağlamlığının qorunması üçün profilaktik tədbirlər və uşaq xəstəliklərinə dair innovativ mübarizə metodları kimi aktual mövzular müzakirə olunacaq. Bu konfrans, uşaqların sağlamlığı ilə bağlı müasir elmi məlumatların mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir və gələcək nəsillərin sağlam böyüməsi üçün mühüm töhfələr verməyə imkan yaradacaq.
Türkiyə Milli Pediatriya Dərnəyinin prezidenti, prof. Dr. Yıldız Camcıoğlunun Crossmedia.az saytına verdiyi açıqlamaya əsasən, Türkiyə Milli Pediatriya Dərnəyi hər səviyyədə uşaq təliminə və uşaqlarla bağlı müxtəlif yan ixtisaslarda təlimlərin təmin edilməsinə sadiq qalır. Bu fəaliyyətlər Türkiyə daxilində bölgəvi toplantılar, konqreslər və praktik təlimlər vasitəsilə həyata keçirilir və həkimlərin gündəlik qarşılaşdıqları problemlərə effektiv həll yolları təqdim edilir.
Camcıoğlu qeyd edir ki, Azərbaycan həkimlərinə də bu sahədə dəstək olmaq dərnək üçün prioritetdir. “İki dövlət, bir millət” anlayışı ilə buradakı həkimlərin bilik və bacarıqlarını artırmaq bizim üçün böyük şərəfdir,” deyə o bildirir. Bu məqsədlə Azərbaycan Pediatriya Cəmiyyəti və Erkin Rəhimovla birgə əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq həm Kipr, həm də Azərbaycan pediatriya cəmiyyətləri ilə müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradıb.
Bu yaxın əlaqələrin, Azərbaycanda pediatriya sahəsində çalışan həkimlərin inkişafına və tibb elminin irəliləməsinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.