MƏDƏNİYYƏT7.12.2024 06:00

Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

5144

Dekabrın 6-da 21-ci Ankara Kitab Sərgisi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. CSO Ankara mərkəzində keçirilən tədbirin iştirakçıları müasir Azərbaycan dövlətçiliyinin memarının, həmçinin Azərbaycan uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, bütün dünya azərbaycanlıları dahi dövlət xadimini xatırlayır və onun xatirəsini ehtiramla yad edirlər. Diplomatik nümayəndəliyin rəhbəri Heydər Əliyevin bütün həyatını öz xalqının firavanlığına və inkişafına həsr etdiyini vurğulayıb.

“Görkəmli siyasətçi və ictimai xadim respublikanın ən ağır dönəmində Azərbaycanın sükanı arxasına keçərək, özünü əsl Ümummilli Lider kimi göstərdi. Heydər Əliyev ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyini təmin etdi, genişmiqyaslı islahatlar apardı, investisiyalar cəlb etdi, Azərbaycan iqtisadiyyatına təkan verdi”, - deyə səfir bildirib.

Diplomat Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin möhkəmlənməsində xidmətlərini də qeyd edib.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirdi ki, Heydər Əliyevin davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, balanslaşdırılmış və uğurlu siyasəti sayəsində xalqımızın Ümummilli Liderinin ən əziz arzusu gerçəkləşdi - Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi. “Sevindirici haldır ki, artıq dörd ildir Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir”, deyə H.Kılıç vurğulayıb.

Keçmiş səfir Heydər Əliyevin Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfəni də xatırladıb və Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində atılan ilk addımların Azərbaycan xalqının Ümummilli Liderinin adı ilə bağlı olduğunu vurğulayıb.

YUXARI