Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-də təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb. Dini Komitədən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Prezident İlham Əliyevin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Komitə sədri Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllərə əsaslandığını bildirib.
Qeyd olunub ki, fərqli mədəniyyətlərə mənsub insanların bir arada yaşamaları, özlərini sosial həyatın bir hissəsi kimi hiss etmələri cəmiyyətin daha inklüziv, dinamik olmasına kömək edir.
R.Məmmədov deyib ki, Azərbaycan bu prinsipə xüsusi önəm verir. Bu mənada cəmiyyətin həyat tərzi kimi qəbul etdiyi multikulturalizm, dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir.
Qonağa Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.
Janna Skot mədəniyyətlərarası əlaqələrin yerli və qlobal səviyyədə müxtəlif aspektlərdə inkişaf etdirilməsinin əsas məqsədinin fərqli mədəniyyətlər arasında müsbət münasibətlər qurmaq, sosial əlaqələri gücləndirmək və insan hüquqları ilə bağlı anlayışları genişləndirmək olduğunu deyib.
Azərbaycanda müxtəlif mədəniyyət və din mənsublarının harmonik və sülh şəraitində yaşamalarını, ölkədəki multikulturalizm mühitinin mütərəqqi bir modeli kimi təbliği istiqamətində görülən işləri müsbət dəyərləndirib.
Görüşdə gələcək layihələr barədə müzakirələr aparılıb.