MƏDƏNİYYƏT18.9.2023 21:30

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər

3658

Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin Mədəniyyət müşavirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində paytaxtımızı ziyarət edən turistlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Muzeydən bildirilib ki, qonaqlar qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olaraq, klassik və müasir şair və ədiblərin həyat və yaradıcılığı haqqında məlumat əldə ediblər.

Qonaqlar Türk dünyasının ana kitabı sayılan və ilk “Oğuznamə”lərdən olan “Kitabi-Dədə Qorqud” dastanına, ortaq türk mədəniyyətini təmsil edən “Divani-luğatit-Türk”, “Kutadqu-Bilik” kimi ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələrinə xüsusi diqqətlə tamaşa ediblər.

Ədəbiyyat Muzeyinin zəngin ekspozisiya zallarında Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olan ziyarətçilər sonda muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüblər.

YUXARI