Bu gün Dünya Türklərinin Həmrəylik Günü, başqa adla desək Türk Dövlətlərinin Birliyi Günüdür. Bu ideya 2006-cı ildə Azərbaycanda Atatürk Mərkəzində keçirilən tədbirdə Azərbaycandan və Türkiyədən olan ziyalıların iştirak etdiyi tədbirdə gündəmə gəlib, dəstəklənib və geniş ictimaiyyətə təqdim, təbliğ olunması qərarlaşdırılıb. Müasir İnkişaf Birliyi 2009-cu ildən etibarən bu ideyanın gerçəkləşməsi üçün təbliğati çalışmalar, o cümlədən Bakı şəhərində çoxsaylı tədbirlər təşkil edib. Dünya Türklərinin Həmrəylik Günü ideyası Azərbaycanda, daha sonra isə Türkiyədə millət vəkilləri, alimlər, QHT sədrləri, redaktorlar, ictimai-siyasi xadimlər və s. geniş bir toplum tərəfindən dəstəklənmiş, Türk Dünyasında yayılmağa başlamışdır.
Türk Dövlət Başçılarının (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan) 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərindəki Zirvə Sammitində bununla bağlı qərar qəbul edilir. Qərara alınır ki, hər il 3 oktyabr tarixi - Türk Keneşinin yaradılması ilə nəticələnən Naxçıvan Bəyannaməsinin ildönümü - Türk Dövlətlərinin Birliyi - Həmrəyliyi Günü kimi qeyd edilsin. 2011-ci ildən Azərbaycanda, Türkiyədə, Mərkəzi Asiya türk dövlətlərində, muxtar türk toplumlarında 3 oktyabr Dünya Türklərinin Həmrəylik Günü qeyd edilir.
Bir zamanlar vətənpərvər, millətçi ziyalılarımızın xəyalı, arzusu olan Türk Birliyi artıq reallıqdır. Bu uğurda nə qədər ziyalılarımız, insanlarımız həlak oldu, şəhid edildi. Onların hamısının ruhu qarşısında baş əyərək Türk Dövlətlərinin Birliyi, Türk Dünyasının birliyi ideyasının gerçəkləşdiyini, TURANın qurulduğunu deyə bilərik. Mərkəzi qərargahı İstanbuldakı tarixi binada yerləşən Türk Dövlətləri Təşkilatı – TURAN ideyasının romantizim deyil əsl reallıq olduğunu göstərir. Bu gün həmin təşkilatın yaradılmasının, türk birliyi ideyasının utopiyadan gerçəyə çevrilməsinin tarixidir - Türk Dövlətlərinin Birliyi Günü - Dünya Türklərinin Həmrəylik Günüdür.
Son illərdə Azərbaycanla Türkiyənin artan münasibətləri, hər iki ölkənin Türk Dövlətləri Təşkilatının genişlənməsi üçün gördüyü işlər təqdirəlayiqdir. Bundan sonra bizlərin işi bu birliyin daha da möhkəmlənməsi üçün ictimai-siyasi müstəvidə geniş təbliğat işi aparmaq olmalıdır. Apardığımız təbliğat Türk Dövlətləri Təşkilatının daha da güclü olması, yeni-yeni üzvlərin qoşulması, üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsi ilə nəticələnməlidir.
Doğrudur ki, bu tarix hələ Türk Dünyasında kifayət qədər tanınmır və yaxud o qədər də geniş qeyd edilmir. Amma əsas olan budur ki, belə bir tarxi var, əsas budur ki, Türk Milləti var, Türk Dövlətləri var, Türk Dünyası var. 15-ci ili tamam olan Dünya Türklərinin Həmrəylik Günü – Türk Dövlətləri Gününün əhəmiyyətini anlayan hər kəsi təbrik edir, gələcəkdə daha böyük uğurlar əldə etməyi, bu tarixi geniş şəkildə qeyd etməyi arzulayır, Türk Dünyasının güclü olmasını diləyirik.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi