Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, İCESCO-nun dəstəyi ilə Şuşa şəhərində keçirilən “Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpoziumu üçüncü gün öz işini sonuncu panel müzakirə ilə başa vurub.
Trend xəbər verir ki, yekun panel müzakirə “Dayanıqlı memarlıq, material, layihə , icra” mövzusunda olub. Demet Ulusoy Binan, Fatma Səmədova, Hamida Rhouma, Pietro Laureano, Aziza Miledin çıxışlarında Memarlıq İrsinin Qorunması Prosesindən danışıblar. Həmçinin, tarixi abidələrin tədqiqatı, təhlili, qiymətləndirilməsi, konservasiyaya yanaşmanın müəyyən edilməsi, icra üçün müdaxilə üsullarının müəyyən edilməsi ətrafında çıxışlar olub və qarşılıqlı fikir mübadiləsi aparılıb. Bundan başqa şəhərsalma və yaşayış yerlərinin inşası zamanı xüsusi əhəmiyyət kəsb edən infrastrukturun qurulması istiqamətində memarlıq təcrübələrini bölüşüblər. Panel müzakirədən sonra simpozium öz işinə yekun vurub.
Qeyd edək ki, Şuşa şəhərində keçirilən Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpoziumda Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru, Heydər Əliyev Fondunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları, Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniyadan olan 80-dən çox memar iştirak ediblər.
Simpoziumun ilk günü Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil edilib.
Simpoziumun ikinci günü rəsmi hissə ilə başlayıb və açılış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, UNESCO-nun nümayəndəsi Pietro Laureano, İCESCO rəsmisi Bilal Çələbi çıxış edərək, Şuşa memarlığının özəlliyi, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.
Daha sonra Simpozium panel müzakirələri ilə işini davam etdirib. Panel sessiyalarda: “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə , icra” mövzularında müzakirələr aparılıb.