SAĞLAMLIQ1.8.2024 19:00

Səhiyyə naziri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

2811

Səhiyyə Nazirliyində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyevlə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib. T.Musayev bildirib ki, Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə qurumun Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir.

Nazir iki ölkə arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialının olduğunu bildirib. Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

Nazir həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

YUXARI