BAXIŞ BUCAĞI14.2.2024 17:04

Seçilmişlərin seçimi...

39631

Son illər yaşadığımız dünyada Azərbaycan olaraq heç alışmadığımız böyük bir rolu üzərimizə götürməyə başlamışıq... Bütün Yer kürəsində yaşayan sevənlərimizi də, sevməyənlərimizi də bir anlamda diqqətlərini üzərimizə yönəltməyə, bizi görməyə, bizdən danışmağa məcbur edirik. Artıq Azərbaycandan danışarkən, keç kəs ölkəmizin harada yerləşdiyini, burada yaşayan insanların necə bir xalq olduğunu soruşmur. Özümüzü yetərincə sübut etməyi bacardıq. Və qəribəsi budur ki, bunun üçün nə isə özəl canfəşanlıq etmirik.  Sadəcə, etməli olduqlarımızı edirik, Azərbaycan adına layiqli yaşayırıq, Azərbaycanın havasını udmanın, suyunu içmənin, çörəyini yemənin necə bir insan yetişdirə biləcəyini, bu torpağın hansı harüqələrə qadir olduğunu varlığımıza isbat edirik, mətin duruşumuzla göstəririk. Bununla da dosta qürur, düşmənə göz dağı  yaşadırıq. Uca Yaradanın seçdiyi xalq yalnız bu qədər ərdəmli ola bilər!

İllərboyu, balacadan böyüyə hər kəsin içində heç qaysaqlanmayan yara vardı...Bunu yazdım, o dəqiqə də duruxub qaldım və özümə sual verdim: «illərboyu» kəlməsini rəqəmə çevirsək, neçə il deməyimiz lazım gələrdi, nə vaxtdan, hansı ildən başlamalı olardıq? Gözümün önündə  yaşadığımız, bizim nəslin taleyinə yazılmış milli faciələrimiz canlanmağa başladı...Kəlbəcərin işğal olunduğu, ardınca qardaş qırğınıyla üz-üzə qaldığımız, sonra ardınca daha 5 rayonumuzun hay tapdağı altına düşdüyü, Azərbaycanın parçalanma təhdidiylə qarşılaşdığı 1993-cü ildən bu yanamı baxaq? Yox, bir az da geriyə gedə bilərik... 1992-ci il..məşum, dəhşətli, milli ruhumuzda heç səngiməyən Xocalı yarasını yaşadığımız, ardınca Şuşanın, Laçının itirilməsini görüb ölmək istəyib, ölə bilmədiyimiz 1992-ci ildən bu yana gələkmi? Yenə xəyalım geriyə gedir...Qarakənd səmasında millətimizin yetişdirdiyi ən böyük dəyərlərimizin  gözəgörünməz şeytan əliylə bir vertolyotun içinə toplanaraq bağrımızın başından qoparıldığı 1991-ci ilin noyabrının həmin qapqara günü ruhumun qisas deyərək necə bədənimi titrətdiyi anı təkrar yaşadım. Amma burada dayanaqmı? Yenə olmur... O zaman bəs 1988-də Əsgəranda iki gəncimizin öldürülməsiylə açıq fazasına keçən hay xəyanəti? Yaşlılarımızın, körpələrimizin yalın ayaq, ac-yalavac yollara salındığı həmin 1988-ci il sayım nöqtəsi ola bilərmi? Əslində, Azərbaycan xalqı içindəki həmin yaranın yaşını elə bu tarixdən  saymağa başlayıb, illərboyuna 32 il deyərək, nəhayət ki, 2020-dən bu yana ard-arda qazanmaqda olduğu qələbələrin zövqünü yaşaya bilərdi. Bəli, biz sınmadıq, biz öz gücümüzə və ilahi ədalətə inandıq, biz qazandıq! Yalnız Allahın seçdiyi xalq başqa xalqların bütün tarixi boyu yaşaya biləcəyi faciələri 32 ilin içinə sığıdıraraq, sınmayıb, məğrurca ayaqda qala bilər!

Bu düşüncələr içindəykən, yenə dayandım...və öz-özümə sual verdim: bəlkə mən subyektivlik edirəm, bəlkə mən tərəfkeşlik edirəm, bəlkə söylədiklrim Azərbaycana yaraşmayan milli özündənrazılığın, özünübəyənmişliyin göstəriciləridir? Yox, 1988-ci ildə dayanmayım, ən azından özümdən ötrü bu suallara cavab verə bilməyim üçün dünənimizi dolaşmağa davam edim, sizlər də yorulmadınızsa, mənə yol yoldaşı olun, tariximizin səhifələrini birlikdə vərəqləyək, kim olduğumuzu bir daha görək, özümüzü bir daha tanıyaq... yaxşı tanıyaq...

1918 -ci ildə yox yerdən cəhalətin qaranlığındakı bir xalq üçün dünyanın ən demokratik, ən mütərəqqi Respublikasını, mahiyyət etibarilə isə bizdən daha dərin cəhalət yuxusunda olan bütün İslam dünyası üçün az qala İsgəndəriyyə mayakı kimi işıq saçan Respublikanı biz qurmadıqmı? Elə bir Respublikanı ki, demokratikliyi sadəcə müsəlman aləminə deyil, özünü sivilizasiyalı adlandıran bütün dünyaya örnək idi. Hər hansı bir xalq dünyaya belə bir örnək ola bilməsi üçün Fətəli xan Xoyskilər, Nəsib bəy Yusifbəyovlar, Həsən bəy Ağayevlər, Behbud xan Cavanşirlər və başqa qurucu atalarımız kimi oğullar yetişdirə bilməliydi! Və onların məhz belə bir mənəvi kamilliyi bu atalarımızı 1920-21 - ci illərdə hayların Nemezis əməliyyatı adı altındakı terroruna tuş gətirdi. Yox, belə bəşəri örnək olan bir dövlət yoxdan yarana bilməzdi... Bununçün öncə onları yetişdirmiş Həsən bəy Zərdabilərin, Mirzə Fətəli Axundovların, Məhəmməd Əmin Rəsulzadələrin, Cəlil Məmmədquluzadələrin, Mirzə Ələkbər Sabirlərin, Üzeyir bəy Hacıbəylilərin öz ürəklərini Dankonun ürəyi kimi məşəl edib, xalqının yoluna işıq salmaları lazımıydı! Bununçün isə öncə həmin ilahi vergi sahibi oğulları doğmaq lazımıydı. Uca Yaradan yalnız seçdiyi xalqa belə ilahi istedad verə bilərdi!

2020-ci iln sentyabrından başlayaraq qələbələrimizin kökünü axtararkən tariximizin dərinliklərinə etdiym gəzişmələr gəlib torpaqlarımızı itirməyə başladığımız 1805-ci il 14 may Kürəkçay anlaşmasına dirəndi və dayandı. 2023-cü ilin sentyabrında torpaqlarımızı qəti olaraq təmizləyə bilmək üçün 218 illik bir yol keçib gəlmişdik. Söylənməsi dildə asandır – 218 il... Və bu qədər ildən sonra ilk dəfəydi ki, Azərbaycan insanı öz torpaqlarını geriyə qaytarmağa başlamışdı! Belə uzun dönəm ərzində hədəfini unutmadan, ruhdan düşmədən, iradəsini, qazanacağına inancını itirmədən yol gələ bilmək, sonunda haqqını qanıyla, canıyla təmin edə bilmək hər xalqa nəsib ola biləcək bir xoşbəxtlik deyil. Uca Yaradan yalnız seçdiyi xalqı belə iradəylə, belə əzmkarlıqla mükafatlandıra bilərdi!

Və Uca Yaradanın seçmiş olduğu bu möhtəşəm xalq qarşısında duran və hələ həllini gözləyən strateji hədəflərini kiminlə gerçəkləşdirəcəyini, qələbələrini dönməz edəcək quruculuq işlərini kimin öndərliyində aparacağını müəyyən etmək üçün  7 fevral 2024-cü ildə öz seçimini etməyə getdi. Tanrının seçdiyi xalq öz xalqına xidməti seçmiş, başçılığı altında yüzillər boyu içində yaşatdığı xəyallarını gerçəkləşdirdiyi oğlunu, cənab İlham Əliyevi yenidən Prezident seçdi. Və bu seçimiylə ona sadəcə indiyədək göstərdiyi etibarını yeniləmədi, eyni zamanda seçkilərdə rekord iştirakı ilə, rekor səviyyədə səs verməklə həm də ona minnətdarlığını bildirdi, ona sağ olunu verdiyi səsiylə çatdırdı. Yalnız Allahın seçdiyi xalq bu qədər nəcib ola bilər!

Seçimin mübarək olsun, Azərbaycanım!

Seçilmiş xalqın seçimi olmaq əslində Allahın ən böyük lütfüdür! 

Azərbaycan xalqı kimi gözəl və seçilmiş bir xalqın seçiminə layiq görüldüyünüz, Allahın belə lütfünü yaşadığınız üçün Sizi təbrik edirəm, cənab Prezident!

Böyük hörmətlə,

Fizuli Məmmədov,
“Rusiya Azərbaycanlıları İttifaqı” nın, 
“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu”nun sədri

YUXARI