Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Trend xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.
"Biz Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən bizim hesablamalar mövcud məzənnə üzərində qurulub.
Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Bu məsələni şərh etmək istəmirəm”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.