CƏMİYYƏT2021.06.05 15:52

Radikal qruplara qarşı mübarizə gücləndirilməlidir

109

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Milli kimlik və din” mövzusunda onlayn konfrans keçirib.

Konfransda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Mübariz Göyüşlü təmsil etdiyi qurumun bir sıra dövlət qurumları, ziyalılar, diplomatik korpus təmsilçilərilə görüşlər keçirdiyini qeyd edib. Onun sözlərinə görə Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır.

Daha sonra AVH İdarə Heyətinin üzvü, tarixçi alim, dosent Hacı Həsənov “XIX əsrdə çar Rusiyasının Şimali Azərbaycanda dini siyasətinin tarixindən (Alban kilsəsinin müstəqilliyinin ləğvi)” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda qədim dövrdən XIX əsrə qədər olan din amilindən bəhs edib. Rusiyanın Azərbaycanı işğal etməsindən sonrakı duruma toxunan H.Həsənov Alban kilsəsinin ləğvi barəsində danışıb. H.Həsənov Alban kilsəsinin Rusiyanın müstəmləkəçiliyinə mane ola biləcəyini, buna görə də onun ləğv edildiyini və erməni qriqoryan kilsəsinə birləşdirildiyini vurğulayıb.

Aİİ-nin rektoru, ilahiyyatçı alim Aqil Şirinov “İctimai vəhdətin formalaşmasında dinin rolu” mövzusunda məruzə ilə çıxış edib. A.Şirinov ictimai inteqrasiyada dini oynaya biləcəyi roldan bəhs edib. Onun sözlərinə görə din cəmiyyətdə vəhdətin yaranmasında mühüm rol oynayır. “Lakin bəzən əksi də ola bilir” deyən məruzəçi bununla bağlı nümunələr göstərib. A.Şirinovun sözlərinə görə din mədəniyyəti formalaşdıran əsas ünsürlərdən biridir. Sonda İnstitutun rektoru radikal qruplaşmaların yaranma səbəblərindən də danışıb.

AVH-nin Məclis üzvü, tarixçi alim, dosent Mübariz Ağalarlı “Azərbaycanda dini dəyərlər tarixi kontekstdə” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda qədim dövrdən səmavi dinlərin yayılması haqqında danışıb. O, xürrəmilər hərəkatının mahiyyəti haqqında çıxış edib və onu İslamla qarşı-qarşıya qoymağı düzgün saymayıb. Daha sonra məruzəçi sufilik haqqında çıxış edib. M.Ağalarlı səfəvilik barəsində çıxış edərək, onu başqa radikal dini qruplarla qarışdırmağın əleyhinə olub. O, Əfşarlar və Qacarlar dövründən danışdıqdan sonra, çar Rusiyasının zamanında Azərbaycandakı dini durumu təhlil edib. Sonda məruzəçi sovet dövründəki dini vəziyyətdən, müasir dövrdəki milli kimlik və din məsələlərindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev kimlik məsələsini təhlil edərək onu süni və təbii kimliklərə bölüb. O, kimlik məsələsinin millətin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, Azərbaycanda öncə dini kimliyin, daha sonra milli kimliyin formalaşdığını vurğulayıb. Ə.Həziyev müasir dövrdən danışaraq Azərbaycan cəmiyyətindəki durumu müsbət qiymətləndirib, onu multikultural, tolerant cəmiyyət adlandırıb.

Aİİ-nin kafedra müdiri, dosent Anar Qafarov “Milli-ideoloji təhlükəsizlikdə din amili" mövzusunda məruzə ilə çıxış edib. O, təhlükəsizliyin əsas amillərini sadalayıb. A.Qafarov dini təhlükəsizlik amilini xüsusi vurğulayıb. O, deyib ki, dinə milli, ictimai təhlükəsizlik aspektindən yanaşmaq mümkündür. Onun sözlərinə görə böyük dövlətlər bir çox hallarda din amilindən təzyiq vasitəsi kimi istifadə edirlər. Məruzəçi dinin birləşdirici amilinin olduğunu qeyd etməklə yanaşı, doğru anlaşılmayanda fəsadların yarandığını da vurğulayıb.

ABŞ-dan dinlər tarixi üzrə mütəxəssis Saleh Kazımov, Türkiyədən Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarovadan sonra AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev orta məktəblərdə keçirilən dərslərdən, dərsliklərdən və mənəvi dəyərlərin təbliğindən söz açıb. O, bu istiqamətdə sistemli yanaşma tələb olunduğunu açıqlayıb.

AVH-nin İdarə Heyətinin üzvü, iqtisadçı Azər Həsənsoy Azərbaycandakı radikal qruplarla bağlı fikirlərini bölüşərək onlara qarşı mübarizədə dövlət qurumları ilə ictimai qurumların birgə mübarizəsinin vacibliyindən danışıb. A.Həsənsoy bu fəaliyyətlərdə milli ideologiyanın vacibliyindən də bəhs edib.

Tədbirin sonunda bu cür tədbirlərin davamlı şəkildə keçirilməsi, ortaq layihələri, araşdırmalar gerçəkləşdirilməsi qərarlaşdırıldı.

YUXARI