XƏBƏRLƏR25.4.2024 16:00

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

1796

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin qərarı ilə yeni baş naziri Ceyhun Cəlilov təyin olunub. Yeni baş nazirin tərcümeyi-halını təqdim edir:

Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

2023-cü ilin mart ayında Ceyhun Cəlilov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Evlidir, iki övladı var.

YUXARI