İQTİSADİYYAT14.3.2024 20:40

Kağız formada təqdim edilən ödəniş sənədləri dövriyyədən çıxır

5884

2023-cü ildə Azərbaycanda internet bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi 2022-ci illə müqayisədə 12 faiz, mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi isə iki dəfə artıb.

Trend-in məlumatına görə, bunu AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən "Visa Cashless Forum - Digital Azerbaijan" forumunda deyib.

Onun sözlərinə görə, son vaxtlar maliyyə sektoru getdikcə rəqəmsal xarakter alıb, bunu cari hesab əməliyyatlarında dəyişikliklər sübut edir.

"Kağız formada təqdim edilən ödəniş sənədlərinin sayı xeyli azalaraq öz yerini elektron əməliyyatlara verib. Bu gün elektron ödənişlərin payı 80 faizdən çoxdur ki, bu da ödəniş sistemlərində genişmiqyaslı rəqəmsal transformasiyadan xəbər verir”, - deyə Osmanov vurğulayıb.

AMB-nin baş direktoru qeyd edib ki, banklar və maliyyə institutları günün istənilən vaxtında və dünyanın istənilən yerindən yüksək səviyyəli təhlükəsizliyi və xidmətlərin əlçatanlığını təmin edərək, maliyyənin onlayn idarə olunması üçün getdikcə daha rahat və intuitiv həllər təklif edirlər.

YUXARI