CƏMİYYƏT4.10.2024 18:15

Hesablama Palatasının şöbə müdiri: "Karbon vergisinin tətbiqi zəruridir"

2630

İqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün "yaşıl enerji"yə keçid, meşələrin qırılmasının dayandırılması və karbon emissiyalarının azaldılması, bunun üçün isə karbon vergisinin tətbiqi zəruridir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.

O, həmçinin deyib ki, transsərhəd çaylarla bağlı müxtəlif ölkələr birgə auditlər apara bilər: “Təbii fəlakət risklərinin azaldılması məqsədilə risklərin qiymətləndirilməsi, coğrafi mövqe və iqlim şəraitinin dəyərləndirilməsi, eləcə də risk xəritələrinin hazırlanması vacibdir. Erkən xəbərdarlıq sistemlərinin yaradılmasına və insanların, qurumların əvvəlcədən məlumatlandırılması üçün müxtəlif alətlərə (müxtəlif tətbiqlər və SMS xəbərdarlıqları, alarm sistemləri, media) ehtiyac var”.

Palatanın auditoru maarifləndirmə kampaniyalarının və təlimlərin əhəmiyyətini qeyd edərək, əhalinin ekstremal hava şəraiti, onun riskləri və necə davranmaq barədə məlumatlandırmanın vacibliyini vurğulayıb. O, məktəblərdə, iş yerlərində və ictimai yerlərdə müntəzəm təlimlərin keçirilməsinin və əhaliyə son məlumatlara rahat çıxış imkanının təmin edilməsinin önəmli olduğunu da sözlərinə əlavə edib.

YUXARI