MƏDƏNİYYƏT2.7.2024 13:30

Elgiz, Zaur, Xoşqədəmlə bağlı qərar verildi

9705

Təqribən 3 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, "Xəzər", ARB və "Speys" telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi. Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Həmin verilişlərin yeni mövsümdən proqramdan çıxarılacağı iddiaları da səsləndi.

Kult.az xəbər verir ki, tənqid hədəfi olan həmin telekanalların birində çalışan mənbə Yenisabah.az-a bu iddiaların yeni mövsümdə özünü doğrultmayacağını bildirib.

Onun sözlərinə görə, özəl telekanalların rəhbərləri sözügedən verilişlərə alternativ tapa bilməyiblər. Ötən müddət ərzində bir neçə yeni layihə müzakirə mövzusu olsa da, onların heç birinin yüksək reytinq gətirəcəyinə əminlik yaranmayıb. Oxşar süjet xəttinə malik olan həmin verilişlərin alternativini yaratmaq mümkün olmayıb. Nəticədə hazırda reytinqinə görə ilk sıralarda qərarlaşan “Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” verilişlərinin yayımının gələn il də davam etdirilməsinə qərar verilib.

Məlumatlı şəxs deyib ki, gözdən pərdə asmaq üçün müəyyən kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulub. Burada söhbət studiyaların dizaynının dəyişməsindən, cəmiyyətdə mənfi reputasiyaya malik olan ekspertlərin uzaqlaşdırılmasından və verilişlərin efir saatının qısaldılmasından gedir.

Qərara alınıb ki, sözügedən kosmetik dəyişikliklər avqust ayının əvvəlindən etibarən tamaşaçılara “inqilabi dəyişiklik” kimi təqdim olunsun.

Sonda mənbə gözləntilərin əksinə olaraq, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Elgiz Əkbər kimi aparıcıların yeni sezonda tamaşaçıların qarşısına təkrar çıxacağını bildirib.

YUXARI