Məhkəmənin yekun qərarına əsasən, psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Axar.az xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Orxan Səmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhmədov Əhməd Mehman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb:
"Məhkəmə baxışında Əhmədov Əhməd Mehman oğlunun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhmədov Mehman Əhməd oğlunu, bacısı Əhmədova Elmira Mehman qızı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Niftəliyeva Ülviyyə Sərxan qızını, anası Əhmədova Pikə Bədəl qızını və 2015-ci il təvəllüdlü qardaşı Əhmədov Məhəmməd Mehman oğlunu qızını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.
Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib.
Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq, stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək.
Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır", - o qeyd edib.
Qeyd edək ki, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan edilib. Məhkəmənin yekun qərarına əsasən, onun barəsində məcburi müalicə tətbiq ediləcək.
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.