GÜNDƏM31.12.2024 03:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

9357

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türk xalqlarının konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci il dekabrın 16-da Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bayram kimi qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm və əlamətdar bayramlardan biridir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər.

31 dekabr tarixini hər bir azərbaycanlı xüsusi mənəvi məna və milli qürur günü kimi qəbul edir. Bu tarix yalnız təqvimdə bir gün deyil, xalqımızın birliyi, həmrəyliyi və dünyadakı hər bir azərbaycanlının ürəyində yanan Vətən sevgisinin rəmzidir.

Müstəqilliyimizi bütün maneələrə rəğmən bərpa etdikdən sonra, 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi təsis edilməsi, xalqımızın mənəvi birliyinin, milli iradəsinin və qlobal miqyasda Azərbaycan adının ucalmasının təcəssümü oldu. Bu tarix, sərhədləri aşan bir milli hərəkatın başlanğıcıdır – harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən dəyərlərin təntənəsidir.

Azərbaycan xalqı zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərləri ilə həmişə dünya miqyasında seçilib. Xalqımızın yaşadığı müxtəlif qitələrdə qurduğu icmalar, diaspor təşkilatları bu dəyərləri qoruyub saxlayır, gələcək nəsillərə ötürür. Dünya Azərbaycanlılarının həmrəyliyi, yalnız bir günü deyil, bütöv bir ömrü əhatə edən milli idealdır.

Bu gün həm də bizi gələcək hədəflərə çatmaq üçün ilhamlandıran bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, dünya miqyasında mövqeyini gücləndirir. Qarabağın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi, xalqımızın birliyi və həmrəyliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağın azadlığını öz qələbəsi kimi qəbul etdi. Bu, həm də həmrəyliyimizin ən güclü ifadəsidir.

 Hər bir azərbaycanlı dünya azərbaycanlılarının birliyini qorumaq və gücləndirmək üçün çalışmalıdır. Bizim həmrəyliyimiz yalnız milli sərvətimiz deyil, həm də gələcək nəsillər üçün güc mənbəyimizdir. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim doğma yurdumuzdur və bu torpağın adı həmişə qürurla ürəklərimizdə daşınır.

31 dekabrı bir bayramdan daha çox, milli birliyimizi və qardaşlıq hisslərimizi gücləndirmək üçün bir fürsət kimi qəbul etməliyik.

YUXARI