ELM VƏ TƏHSİL7.10.2024 17:20

Çinli alimlər MEK-in qonağı olublar

19801

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini prof. Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.

Görüşdə MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.

Kitabxananın direktor müavini Oruc Quliyev MEK-in fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, hazırda MEK 46 ölkənin 127 təşkilatı, 80 elmi jurnalı, ölkəmizdəki bir sıra səfirliklər, Azərbaycanın xaricdəki səfirlikləri ilə əməkdaşlıq edir. Çin Milli Kitabxanası ilə əməkdaşlığın önəmi vurğulanaraq ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə də toxunulub.

Çinli alimlər daha sonra Mərkəzi Elmi Kitabxananın fondları, elektron kitabxanası ilə yaxından tanış olublar, sərgilərə baxış keçiriblər. Azərbaycan kitabxanalarındakı XVI əsrə aid ən qədim kitab nüsxəsinin məhz burada mühafizə edilməsi, digər tarixi nəşrlər, o cümlədən çin dilində olan ədəbiyyatlar qonaqların marağına səbəb olub.

YUXARI