CƏMİYYƏT18.9.2023 16:45

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı müraciətlərin sayı artmaqdadır - Eldar Səmədov

1807

İndiyə qədər azad edilmiş ərazilərdə 10 kütləvi məzarlıq yeri aşkar olunub. Eyni zamanda azad olunmuş əraizlərdə tikinti-quruculuq işləri aparılarkən 100-dən artıq meyit qalıqları aşkarlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə isə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 500 meyit qalığı aşkar olunub.

"Artıq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına edilən müraciətlərin də sayı artmaqdadır, çünki Birinci Qarabağ müharibəsi zamanı yaxınını itirmiş və müraciət etməmiş şəxslərdə dövlət komissiyasına müraciət edirlər. Biz Dövlət Komissiyasın işçi qrupu olaraq həmin müraciəltəri qeydə alırıq, sistemli formada araşdırmalar aparırıq.

Proseslərin gedişatına uyğun olaraq bu ilin sonu və ya gələn ilin əvvəlində itkin düşmüş kimi qeydiyyata aldığımız şəxslər barədə ictimaiyyətə məlumat verəcəyik", - deyə o, əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

YUXARI