CƏMİYYƏT18.9.2024 09:00

Bəzi ölkələr üçün Azərbaycanın uğurlarını ədalətli dəyərləndirmək çətindir - Muxtar Babayev

5064

Bəzi ölkələr üçün Azərbaycanın uğurlarını ədalətli dəyərləndirmək çətindir.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsindən sonra, elə ilk günlərdən xarici mətbuatda tədbirin Bakıda keçirilməsindən narazılıq, inamsızlıq ifadə edən məqalələr dərc edilirdi.

"Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi, böyük iqtisadi uğurlarımız, beynəlxalq arenada güclü mövqeyimiz bəzi ölkələr tərəfindən qabul edilmir. Onlar üçün bu uğurları ədalətli dəyərləndirmək çətindir. Biz bunu gözləyirdik və bunun üçün media komandası yaratdıq. Media komandamıza mütəxəssislər dəvət olundu. Həm ölkə daxilində, həm də ölkə xaricində gördüyümüz işlərin, apardığımız proqramların kifayət qədər təbliğ olunmasına şərait yaradıldı. Peşəkar komanda vasitəsilə bu il elə bir həftə olmayıb ki, biz beynəlxalq mediaya məlumat, açıqlama, müsahibə verməyək. Bu istiqamətdə fəaliyyət demək olar ki, hər həftə həyəta keçirilir. Biz komandamızın bu istiqamətdə çox açıq olduğunu nümayiş etdirə bilmişik. Daha öncə tənqidi, inamsız formada yanaşan mətbuat orqanları artıq tamamilə fərqli yanaşırlar. Onlar artıq başa düşürlər, ölkəmizin gücünü görürlər", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı keçiriləcək.

YUXARI