CƏMİYYƏT2021.06.10 11:45

Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub

5

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

YUXARI