ELM VƏ TƏHSİL23.7.2021 17:03

Azərbaycan Texnologiya Universitetinin Tərəfdaşlar və Himayədarlar Şurasının ilk iclası keçirildi

2570

23 iyul 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin Tərəfdaşlar və Himayədarlar Şurasının ilk iclası keçirilmişdir.
İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) idarə heyətinin sədri Hüseyin Büyükfırat, İnkişaf Korporasiyasının icraçı direktoru Vüsal Qasımov və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari iştirak etdilər.
İclas zamanı universitetin rektoru professor Akif Süleymanov Azərbaycan Texnologiya Universitetinin tarixi haqqında danışaraq, universitetin 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını qeyd etdi, universitetin ölkəmizdə yeyinti, yüngül sənaye, metallurgiya və digər sahələrdə kadr hazırlığı prosesində əhəmiyyətli rola malik olduğunu vurğuladı. Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızda yaradılacaq yeni istehsal müəssisələrinin peşəkar mütəxəssislərlə təmin olunmasına, qeyri-neft sektorunun inkişafına universitetin də mühüm töhfə verə biləcəyini diqqətə çatdırdı. 
Tərəfdaşlar və Himayədarlar Şurasının yaradılması qərarı və məqsədi haqqında ətraflı məlumat verən rektor Akif Süleymanov  Şuranın fəaliyyətinin həm universitetin inkişafında, eləcə də Şura üzvü olan müəssisələr üçün qarşılıqlı səmərəli olacağına əmin olduğunu vurğuladı.
Daha sonra Şura üzvləri də çıxış edərək belə bir əməkdaşlığın universitet-sənaye iş birliyi yönündən əhəmiyyətini qeyd etdilər, bu addımın peşəkar mütəxəssislərin yetişdirilməsində, müəssisələrin kadr təminatında çox mühüm rol oynayacağını bildirdilər.
Şuranın Əsasnaməsi müzakirə edildi, təkliflər səslənildi. Təkliflər nəzərə alınaraq, Əsasnamə qəbul edildi. Eyni zamanda, iclasda Şuranın sədri seçilməsi səsə qoyuldu, Şura üzvlərinin səs verməsi ilə TÜİB sədri Hüseyin Büyükfırat Şuranın sədri seçildi.

YUXARI