"Yaşıl" keçid Azərbaycanın əmək bazarını modernləşdirmək üçün yeni imkanlar açır.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceri Stefani Stolmeyster Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın üçüncü günündə keçirilən “yaşıl" iqtisadiyyat üçün insan kapitalı problemlərinin həlli: siyasət, təhsil, biznes və innovasiyalar üçün tələb" mövzusunda panel müzakirəsində bildirib.
Stefani Stolmeyster vurğulayıb ki, Azərbaycan 2010-2020-ci illər üzrə Dünya Bankının İnsan Kapitalı İndeksində göstəricilərini yaxşılaşdıran ölkələr arasında liderlər sırasına daxil olub.
"Bu, əhəmiyyətli nailiyyətdir. Azərbaycanda təhsilə çıxış ümumidir. Təhsil sistemində əsas məsələlərdən biri Azərbaycan gənclərini “yaşıl” iqtisadiyyata keçidin yeni çağırışlarına hazırlamaqdır. Digər vacib aspekt isə səhiyyədir.
Bir çox ölkələrdə olduğu kimi, bir çox xəstəliklər Azərbaycanda da sağlamlıq və həyat itkisinə səbəb olur. Burada Azərbaycan qonşularından və tərəfdaşlarından insan kapitalının daha səmərəli istifadəsi ilə bağlı çox şey öyrənə bilər. "Yaşıl" keçid Azərbaycanın əmək bazarını modernləşdirmək üçün yeni imkanlar açır", - o bildirib.