GÜNDƏM2021.09.28 09:00

Xalqın misilsiz birliyi və ordunun döyüş ruhu Azərbaycana ədalətli Vətən müharibəsində qələbə gətirdi - Qırğızıstan səfiri

17

Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında xalqın misilsiz birliyi və ordunun döyüş ruhu Azərbaycana ədalətli Vətən müharibəsində qələbə gətirdi. Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

O bildirib ki, Azərbaycan son otuz il ərzində işğal olunmuş əraziləri hərbi əməliyyatlar kimi müstəsna varianta əl atmadan qaytarmaqla ədaləti bərpa etməyə çalışıb: "Azərbaycan işğalın, təxminən bir milyon qaçqın axınının və Qarabağ münaqişəsinin digər fəsadlarının səbəb olduğu çətinliklərə baxmayaraq, nəinki bütün maneələri üstələdi, hətta dayanıqlı inkişaf yoluna qədəm qoya bildi. Son onillik ərzində iqtisadiyyatda və sosial sahədə göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb və inkişaf göz qabağındadır".

Səfir qeyd edib ki, indi Azərbaycanın qarşısında mümkün qədər qısa zaman ərzində azad edilmiş ərazilərin infrastrukturunu bərpa etmək, məcburi köçkünlərin qayıdışını təmin etmək, təhlükəsiz və rahat həyat üçün zəruri şəraiti yaratmaq tapşırığı dayanır: "Əminəm ki, Azərbaycan bütün bunları uğurla həyata keçirəcək, belə ki, bunun üçün həm maliyyə baxımından zəruri resurslar, həm də Azərbaycan xalqının və mütərəqqi dünya ictimaiyyətinin ölkə rəhbərliyinə dəstəyi var. Xaricdən investisiyalar və kreditlər cəlb olunacaq, çünki Azərbaycan özünü dünya ictimaiyyətinin gözündə beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalan, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan etibarlı tərəfdaş kimi təsdiq edib".

K.Osmonaliyev vurğulayıb ki, ilk növbədə bütün kommunikasiyaların, nəqliyyat magistrallarının açılması məsələsini həll etmək, yeni yollar inşa etmək lazımdır: "Azərbaycan bu məsələləri həll etməyə çalışır və Ermənistanla konstruktiv dialoqa açıqdır. Ümid edirəm ki, gələcəkdə Cənubi Qafqaz üçün səmərəli olan və həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda inteqrasiya layihələri reallaşdırılacaq. Məhz buna görə ölkəmizin rəhbərliyi "Mərkəzi Asiya - Cənubi Qafqaz (5+3)" regionlararası platformasının yaradılmasını təklif edib. Bu platforma siyasi, iqtisadi və mədəni-humanitar sferalarda inteqrasiya layihələrinə təkan verəcək".

Səfir, həmçinin qeyd edib ki, "5+3" regionlararası platformasının əsasında layihələrin reallaşdırıması Çin, Türkiyə və İran kimi qonşular üçün də yeni imkanlar açacaq: "Biz Qırğızıstanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çərçivəsində strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxmağı təklif edirik. Bu, bütün qarşılıqlı səmərəli istiqamətlər üzrə daha effektiv əməkdaşlığa imkan verəcək. Məsələn, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması planlaşdırılır ki, bu fondun vəsaitlərinin bir hissəsini qırğız tikinti şirkətləri azad edilmiş ərazilərdə infrastrukturun bərpasında iştirak üçün istifadə edə bilər".

O əlavə edib ki, qarşılıqlı maraq doğuran bu və digər məsələlər Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana planlaşdırılan səfəri zamanı müzakirə mövzusu ola bilər: "Bir sözlə, Qırğızıstan ölkələrimiz arasında münasibətlərin intensivləşdirilməsi üçün siyasi iradəyə malikdir".

Trend

YUXARI