MƏDƏNİYYƏT21.3.2023 14:00

Xalça Muzeyində uşaqlar üçün bayram şənliyi təşkil olunub

1627

Azərbaycan Milli Xalça Muzeyində təbiətin oyanışını müjdələyən, bolluq, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə uşaqlar üçün “Novruz 2023” bayram şənliyi keçirilib.

Muzeydən bildirib ki, bayram tədbirində Üzeyir Hacıbəyovun ev-muzeyinin nəzdində fəaliyyət göstərən "Nur" xor studiyasının (dirijor: Mələk Vəlizadə) kollektivi rəngarəng musiqi kompozisiyası təqdim edib. Muzeyin Uşaq Birliyinin üzvlərinin iştirakı ilə “Günəşin nağılı” teatr tamaşası göstərilib. İnnovasiya Tədris Mərkəzinin şagirdləri Novruzu tərənnüm edən bir-birindən rəngarəng rəsmlər çəkib, Kəmalə Rəcəbovanın rəhbərlik etdiyi Azərbaycan Ritmləri Rəqs Ansamblı isə konsert proqramı ilə çıxış edib.

Uşaq şöbəsi tərəfindən qazi və şəhid ailələrinin övladları üçün milli geyimlərin yun saplarla bəzədilməsi üzrə ustad dərsi, muzeyə ekskursiya təşkil olunub, “Məlikməmmədin nağılı” marionet kukla teatrı göstərilib.

Tədbirdə Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Heydər Əliyev İli” ilə əlaqədar təqdim etdiyi kitab sərgisi böyük maraqla qarşılanıb.

Bayram şənliyinin sonunda iştirakçılara diplom və təşəkkürnamələr təqdim olunub.

YUXARI