CƏMİYYƏT5.2.2023 06:00

“Vikipediya” fəaliyyətinin inkişafında vətənpərvər gənclərimiz xüsusi rol oynayırlar

2985

Azərbaycanda “Vikipediya” fəaliyyətinin inkişafında gənclərimiz xüsusi rol oynayır və çoxluq təşkil edirlər. Bunu Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, “Vikipediya”da fəal olan gənclərimiz Vətən müharibəsi zamanı da “Vikipediya”nın xarici dili bölmələrində uğurla fəaliyyət göstərdilər. Onlar sosial şəbəkələrdə və digər elektron resurslarda müzakirələrdə fəallıq nümayiş etdirirdilər. Vətənpərvər gənclərimiz hər gün milyonlarla insanın daxil olduğu və dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”da əleyhimizə yönəlmiş və həqiqətləri təhrif edənlər məlumatların aradan qaldırılması üçün bütün səyləri ilə çalışırdılar. Həmçinin Vətən müharibəsi, Azərbaycanla bağlı bütün həqiqətlərin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirdilər.

“Bu gün “Vikipediya” ilə bağlı keçirilən təlimlərdə, bu elektron resursda məqalələrin zənginləşdirilməsində gənclərimiz böyük həvəslə iştirak edirlər. Bu istiqamətdə də əsas uğurlu fəaliyyəti gənclər təşkil edir. Belə ki, təlimlərdə iştirak edən “Qorqud” Vikipediya Metodik Klubunun, AMEA Mərkəzi Elmi kitabxanasının, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişaf İctimai Birliyinin (TAİB) Gənclər Təşkilatında “Viki” klubunun, Bakı Dövlət Universitetinin, İlahiyyat İnstitutunun əsas heyəti gənclərdən ibarətdir. İnanıram ki, biz gənclərimizin malik olduğu potensialla “Vikipediya”da effektiv işlərə imza atacağıq”, - deyə E.Eltürk vurğulayıb.

YUXARI