MEDİA və QHT13.6.2021 15:00

Vətəndaş Hərəkatı Azərbaycan Respublikasının Ağdam rayonu üzrə minalar xəritəsinin əldə edilməsini alqışlayır

2520

44 günlük Vətən savaşından sonra Azərbaycanın qarşısında duran əsas məsələ işğaldan azad edilmiş ərazilərdə quruculuq-abadlıq işlərini, məcburi köçkünlərin məskunlaşmasını həyata keçirməkdir. Müharibə bitəndən dərhal sonra Azərbaycan bu istiqamətdə sürətli və lazımlı işlər həyata keçirməkdədir.

Lakin ərazinin minalanması, mina xəritələrinin düşmən Ermənistan tərəfindən Azərbaycana təqdim olunmaması müəyyən ləngimələrə səbəb olur. Bundan daha önəmlisi isə minalar indiyə qədər 100-ə qədər azərbaycanlının həlak olmasına, ağır yaralanmasına səbəb olub. Ən son, 4 iyunda iki nəfər azərbaycanlı jurnalistin minaya düşərək şəhid olması yerli və beynəlxalq ictimaiyyəti sarsıtmışdı.

Azərbaycan müharibə bitəndən sonra Ermənistana bu istiqamətdə davamlı diplomatik təzyiqləri həyata keçirməkdədir. Nəhayət Azərbaycanın və beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi.

Azərbaycan Vətəndaş Hərəkatı Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin müsbət nəticəsini alqışlayır, düşmən Ermənistandan digər rayonlar üzrə də mina xəritələrini təqdim etməyi tələb edir. AVH olaraq hesab edirik ki, ərazinin minalardan təmizlənməsi, bölgənin abadlıq işlərinin sürətləndirilməsi, məskunlaşdırılması nəinki Azərbaycana, həm də bölgəyə və beynəlxalq münasibətlərə də faydalı olacaq.

YUXARI