MƏDƏNİYYƏT21.7.2021 20:30

Vətən müharibəsinin iştirakçısı olmuş media nümayəndələrindən bəhs edən layihə yutub kanalında təqdim edilib

1336

“Gilavar” Azərbaycan Foto Klubu “Müharibənin acısını çəkənlər” adlı layihəni yutub kanalında təqdim edib.

AZƏRTAC xəbər verir ki, ötən il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Bu müharibədə hər kəs kimi kütləvi informasiya vasitələrinin əməkdaşları da iştirak ediblər. Onlardan bəzisi media nümayəndəsi kimi cəbhəyanı bölgələrdə fəaliyyət göstərib. Onların məqsədi hadisə yerlərindən operativ məlumatlar çatdırmaqla ictimaiyyəti maarifləndirmək olub.

Vətən müharibəsində Azərbaycanın media nümayəndələri həyatlarını təhlükə altına qoyaraq cəbhə bölgələrindən top və mərmi atəşləri altında xəbərləri çatdırıblar. Müzəffər ordumuzun əsgərləri kimi KİV nümayəndələri də tarixi qələbəmizi, böyük zəfərimizi qazanmağa töhfə veriblər. Media nümayəndələrinin belə qəhrəmanlığını, işinə sevgisini nəzərə alaraq “Gilavar” Azərbaycan Foto Klubu “Müharibənin acısını çəkənlər” adlı layihə həyata keçirib.

Layihənin rəhbəri, klubun həmsədri, AZƏRTAC-ın fotoqrafı Rəşad Mehdiyev bildirib ki, bu dəfə foto klub tərəfindən fərqli formatda bir iş təqdim olunub. Ümumiyyətlə, bu layihənin hazırlanmasında məqsəd 44 günlük Vətən müharibəsi zamanı çətinlikləri və həyatları üçün təhlükə riskini göz önünə alaraq peşə fəaliyyətini davam etdirən, həmçinin qələmini, kamerasını silaha dəyişərək döyüşlərdə iştirak edən media nümayəndələrini cəmiyyətə tanıtdırmaq, bu insanlara mənəvi dəstək göstərməkdir. Odur ki, Vətən müharibəsini işıqlandırmış əməkdaşlarla bağlı layihə həyata keçirməyi qərara aldıq. Layihənin ideya müəllifi klubun həmsədri Dilavər Nəcəfovdur. Təxminən iyirmi dəqiqəlik videoçarxda 208 nəfər media nümayəndəsinin ad və soyadları, vəzifələri, işlədiyi media qurumu, orden və medalları barədə məlumatlar yer alır. Apardığımız araşdırma və sorğular nəticəsində məlum olub ki, Vətən müharibəsini 79 müxbir, 21 fotomüxbir və 62 operator qaynar nöqtələrdən işıqlandırıb. Bundan əlavə, ümumilikdə, 46 nəfər jurnalist, operator, texniki işçi və mətbuat katibi döyüşlərdə iştirak edib. Təəssüflər olsun ki, onlardan üçü qazidir. Bir nəfər döyüş meydanında, bir nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov isə müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Layihədə nümayiş olunan foto və video materiallar Vətən müharibəsi zamanı fotoqraflar və operatorlar tərəfindən çəkilən kadrlardır. Videoçarxda kadrarxası mətnləri səsləndirənlər isə televiziya müxbirləridir.

Qeyd edək ki, bundan əvvəl də “Gilavar” Azərbaycan Foto Klubu pandemiya dönəmində çalışan KİV nümayəndələri üçün layihələr reallaşdırıb. Klubun həmsədri, AZƏRTAC-ın fotoqrafı Rəşad Mehdiyev tərəfindən “Koronavirus” və “Koronavirus 2” adlı iki virtual fotosərgi hazırlanıb.

YUXARI