Prezident İlham Əliyev: “Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq”
Bu gün dünyanın gündəmi 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsidir. Bu qəzanının baş verməsinin araşdırılması Azərbaycan Prezidenti səviyyəsində diqqətdədir. Qeyd edək ki, dekabrın 25-də Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüşdür. Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibə müvafiq qurumların nümayəndələrindən ibarət heyətin Aktau şəhərinə dərhal ezam edildiyini bildirib: “Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır”.
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Dekabrın 25-də Dövlət Komissiyasının iclası keçirilib. Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib.
Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olunub. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərilib.
Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycan evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.
Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulanıb.
Cənab Prezident müsahibədə qəza ilə bağlı günahı etiraf etmək və vaxtında üzr istəmək vəzifəsinə də diqqət çəkib: “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”. Yeri gəlmişkən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Ümumiyyətlə, hadisədən sonra müxtəlif ölkələrin prezidentləri, nazirləri, millət vəkilləri və s. Prezident İlham Əliyevə başsağlığı ilə bağlı zəng edir, eləcə də məktub yazırlar. Bu zəng və məktublarda faciə ilə əlaqədar həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verilir, onlara bu əvəzolunmaz itkinin ağrı-acısının öhdəsindən gəlmək üçün mənəvi güc, mətanət və dözüm arzulanır, bütün yaralananlara tezliklə şəfa tapmaları vurğulanır. Həmçinin bu ağır günlərdə dost Azərbaycan xalqının dərdinə şərik olmaqla bərabər, dəstək ifadə edilir.
Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması ciddi bir hadisədir. Bu vəziyyətə uyğun olaraq dövlətimiz tərəfindən dərhal təxirəsalınmaz işlər həyata keçirilib. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün önləyici tədbirlər görülməlidir. Belə ki, oxşar halların bir daha baş verməməsi üçün təhlükəsizlik standartları artırılmalıdır. Bu cür hadisələrdən sonra, həmçinin psixoloji dəstək xidmətləri də təqdim olunmalıdır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu