ELM VƏ TƏHSİL2.10.2024 12:00

Təhsilin İnkişafı Forumu keçiriləcək

3299

Oktyabrın 8-də “Gülüstan” sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Forum Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək. Tədbirin məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir. Forum ərzində 3 moderator və 21 spiker “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müzakirələr aparacaqlar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatoru olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın məruzəçi qismində təcrübələrini bölüşəcəklər.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatoru olduğu “Tədqiqatdan inkişafa gedən yol” panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG-in İdarə Heyətinin üzvü, “Catalysade Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi Sanem Yalçıntaş məruzəçi qismində vacib məsələlərə toxunacaqlar.

STP Şirkətlər Qrupunun insan resursları baş inzibatçısı Şölə Əliyevanın moderatoru olduğu “Gələcəyi gənclərə necə hazırlamalı?” panelində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə müzakirələrdə iştirak edəcəklər.

YUXARI