Prezident İlham Əliyev: “Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur”
Azərbaycan ərazisi Qafqazın mühüm mədəniyyət mərkəzlərindən biri olub. Qobustan qayalıqlarında tapılan petroqliflər bu ərazilərdə minilliklər boyu insan məskənlərinin olduğunu sübut edir. Midiyalılar, Atropatenlər və Albaniyalılar kimi qədim dövlətlər bu ərazidə formalaşıb.Ərəblərin, Səlcuqların, monqolların və Teymurilərin yürüşləri zamanı Azərbaycan həm Şərq, həm də Qərb bölgəsi ciddi dəyişikliklərə uğrayıb. Səfəvilər dövründə Azərbaycan bir dövlət olaraq güclü bir mərkəzə çevrildi. Təbriz (indiki Cənubi Azərbaycan) imperiyanın paytaxtı idi və bu dövrdə həm Qərbi, həm də Şərqi Azərbaycan bölgələri iqtisadi və mədəni baxımdan inkişaf etdi. 19-cu əsrdə Rusiya-İran müharibələri nəticəsində Azərbaycan ərazisi Araz çayı boyunca iki yerə bölündü (1828 Türkmənçay müqaviləsi). Şimal hissəsi (indiki Azərbaycan Respublikası) Rusiyanın, Cənub hissəsi isə (indiki İran Azərbaycanı) Qacarların nəzarətinə keçdi. Eyni zamanda, Qərbi Azərbaycanın bir hissəsi (indiki Ermənistan ərazisi) də Rusiya İmperiyasına birləşdirildi. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə Qərbi Azərbaycan əhalisinin bir hissəsi Ermənistandan qovulmağa başladı. SSRİ dövründə Azərbaycan Şərq bölgəsində sənaye, kənd təsərrüfatı və təhsil sahəsində ciddi inkişaf yaşandı. Neft sənayesi xüsusilə Bakı və Abşeron yarımadasında böyük iqtisadi artım gətirdi. 1991-ci ildən sonra, müstəqil Azərbaycan dövləti, Şərqi Azərbaycan ərazilərində (indiki respublika daxilində) müxtəlif sahələrdə modernləşmə və inkişaf layihələri həyata keçirdi. Qarabağ müharibələri və Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə Qərbi Azərbaycan bölgəsində demoqrafik və siyasi dəyişikliklərə səbəb oldu. Prezident İlham Əliyev 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışında deyib ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər: “Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. İndi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”. Azərbaycanın Şərqi və Qərbi bölgələri coğrafi, mədəni və tarixi baxımdan zəngin bir irsə malikdir və bu bölgələrin inkişafı əsrlər boyu müxtəlif faktorların təsiri altında formalaşıb. Qərbi Azərbaycan dedikdə, tarixi baxımdan Zəngəzur, Göyçə, İrəvan mahalı kimi ərazilər nəzərdə tutulur. Bu torpaqlar hal-hazırda Ermənistan ərazisinə daxildir, lakin burada bir zamanlar böyük azərbaycanlı əhali yaşamışdır. Şərqi Azərbaycan isə indiki Azərbaycan Respublikasının əsas hissəsidir. Bu ərazi Xəzər dənizindən başlayaraq, Kür-Araz ovalığı, Qarabağ, Quba-Xaçmaz, Lənkəran və Naxçıvanı əhatə edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində qarşılıqlı hörmət, suverenliyə hörmət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsiplərini əsas götürərək beynəlxalq arenada özünə layiqli yer qazanmışdır. Bu siyasət nəticəsində Azərbaycan bir çox dövlət və beynəlxalq təşkilatla güclü və balanslı münasibətlər qurub. Cənab Prezident bildirib ki, Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur: “Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir”. Azərbaycanın Şərqi və Qərbi bölgələri əsrlər boyunca tarixi hadisələrin, imperiya dəyişikliklərinin və mədəni inkişafların təsiri altında inkişaf edib. Bugünkü Azərbaycan, bu tarixdən aldığı mirasla, xüsusilə Şərq bölgəsində müasir dövlət quruculuğunu davam etdirir, Qərb bölgəsində isə tarixi ədalətin bərpa olunması üçün siyasi və diplomatik fəaliyyətlərini davam etdirir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent