MEDİA və QHT15.8.2022 08:00

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

2383

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli” xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində “Yuxarı Gövhərağa məscidi: dünən və bu gün” adlı sənədli filmin çəkilişi üçün hazırlıq işlərinə başlanılıb.

Filmin çəkilməsində məqsəd son 30 ildə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilən vandalizm, o cümlədən inanc və ibadət yerlərində törədilən erməni vəhşiliyini dünya ictimaiyyətinə nümayiş etdirməkdir.

Ekran əsərində ermənilər tərəfindən Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinin planlı şəkildə təhqir edilməsi faktlarını təsdiqləyən onlarca arxiv sənədlərindən və videogörüntülərdən istifadə ediləcək. Ermənistan hökumətinin öz siyasi məqsədləri üçün 2018-ci ildə məsciddə apardığı qeyri-qanuni “bərpa” işlərinin yaratdığı fəsadlar da nümayiş olunacaq.

İşğal dövründə məsciddə törədilmiş vandalizm aktlarının bu gün aradan qaldırılması işıqlı sabaha aparan yol kimi filmin əsas süjet xəttini təşkil edəcək.

Filmin ssenarisini müzakirə etmək üçün H.Cavid parkına toplaşan layihə əməkdaşları film barədə öz fikir və mülahizələrini bölüşüblər və onların hər biri görəcəkləri işlər barədə tapşırıqlar alıblar. Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqraf Amil Amal, əməkdaşlar Səbinə Novruzzadə, Xəyalə Quliyeva və Amil İsmayılzadədir.

YUXARI