GÜNDƏM28.9.2023 14:05

Sülhə doğru əhəmiyyətli addım: Gərginlik yaradan problemlər aradan qalxır

1121

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu separatçıların "rəhbəri" Samvel Şahramanyan elan edib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Baş verənlər sülh müqaviləsinə təkan verəcək növbəti addım ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh sazişinin imzalanması istiqamətində çox əhəmiyyətli bir addım olacaq: “Biz bilirik ki, Nikol Paşinyan bu məsələni əsas götürürdü. Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi, beynəlxalq mexanizm formalaşdırmasını bəhanə gətirərək sülh müqaviləsinin imzalanması prosesini süni şəkildə uzadırdı. Bu mənada, artıq qondarma rejimin arxivə getməsi, özünü buraxdığını elan etməsi həmin prosesin reallaşmasında çox mühüm addım saya bilərik”.

Onun sözlərinə görə, bundan sonra Ermənistanın bəhanələri olmamalıdır: “Çünki artıq Qarabağ tam olaraq Azərbaycanın daxili məsələsidir. Bu məsələ tam olaraq rəsmiləşdi”.

Müsahibimizə görə, Azərbaycanın daxili məsələsi sayılan bir mövzu ilə bağlı bəhanələr tapıb münasibətlərin tənzimlənməsində problem yaratmaq Ermənistana fayda gətirməyəcək.

“Mən şəxsən gözləyirəm ki, oktyabr ayında Qranadada Azərbaycan-Ermənistan prezidentləri arasında keçiriləcək görüşdə faydalı müzakirələrlə nəticələr əldə etmək olacaq. Çünki artıq mövcud olan məsələlər, gərginlik yaradan problemlər aradan qalxır”, - deyə Mübariz Göyüşlü vurğulayıb.

YUXARI