GÜNDƏM28.11.2024 23:00

Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü qeyd olunub

3544

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də Bakıda tədbir təşkil edilib. Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksəksəviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

"Prezident İlham Əliyevin Türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib", - deyə Turganer vurğulayıb.

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib: "Kipr Türk Respublikasının quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər".

Deputat bildirib ki, bir vaxtlar soyqırımı və köçkünlük təhlükəsi ilə üzləşmiş Kipr türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk dünyasının ayrılmaz parçası olublar. Bu baxımdan Azərbaycan Şimali Kipr və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır. Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə verib və bu prinsiplər bu gün də ölkəmizin xarici siyasətində prioritet olaraq qalır.

Deputat vurğulayıb ki, son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda bir çox azərbaycanlı təhsil işçisi ölkənin akademik müəssisələrində uğurla çalışır. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

YUXARI