Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. O, Ümummilli Liderin xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib.
Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən akademik onun siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Digər çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafının əsasını qoyduğu qeyd edilib, Ümummilli Liderin güclü iqtisadiyyata və sosial rifaha hesablanmış neft siyasətindən, Azərbaycan iqtisadiyyatına cəlb edilən böyük investisiyalardan danışılıb. Çıxışlarda Ulu Öndərin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqət qeyd olunub.