BAXIŞ BUCAĞI7.1.2022 17:15

“Səfa “ məktəbi

29581

XX əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə və oyanış dövrü kimi daxil olmuşdur. İmperiyanın tarixində baş verən siyasi, ictimai dəyişikliklər öz növbəsində Azərbaycanın mədəni həyatında  xeyriyyəçilik və maarifçilik hərəkatının vüsət qazanmasına gətirib çıxarmışdır. Çox keçmədən milli maarifçilik tariximizdə özünəməxsus silinməz iz buraxmış mədəni-maarif cəmiyyətləri fəaliyyətə başlamış və təkrararolunmaz xidmətlər göstərmişdir. Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanda maarifçilik hərəkatın təşəkkül tarixinin və yayılma prosesinin mövcud fond materialları əsasında obyektiv şəkildə tədqiq və təbliğ etməklə böyük bir Vətənpərvərlik misiyasını həyata  keçirir.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda “Səfa” mədəni-maarif cəmiyyətinin  təsis etdiyi məktəbin müəllim və şagirdlərin fotoşəkli mühafizə olunur (inv. 1/1). Şəkil 1914-cü ildə məktəbin iki illiyinin qeyd olunması tədbirində çəkilmişdir. Şəkildə ərəbcə “Elm hər bir müsəlman kişi və qadına fərzdir” sözü yer alır. Divardakı tabloda “Peyğənbərin mövludu bayramı – h. 1332” yazılmışdı. 

Azərbaycanda maarif işinin inkişafında böyük xidmətləri olan «Səfa» xeyriyyə cəmiyyəti 1912-1920-ci illərdə Bakıda fəaliyyət göstərmişdir. Onun təşkilatçıları əsasən  maarifpərvər ziyalılar idi. Cəmiyyət Cəfər Bünyadzadənin təşəbbüsü, yazıçı Seyid Hüseyn və digər ziyalıların köməyi ilə təsis olunmuşdu. Cəmiyyətin 1912-ci il avqustun 14-də çağırılan birinci iclasında Haşım bəy Vəzirov idarə heyətinin sədri, Cəfər Bünyadzadə, Hacı İbrahim Qasımov, Səməd Mənsur Kazımzadə, görkəmli Azərbaycan yazıçısı Seyid Hüseyn Sadıqzadə və b. üzvü seçilmişdilər.

Cəmiyyətin cəmi 50 üzvü var idi. «Səfa» üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədi çoxsaylı imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltməkdən ibarət idi. 1912-ci ilin sentyabrında «Səfa» məktəbi fəaliyyətə başladı. İlk vaxtlar burada 60 nəfər uşaq oxuyurdu. 1914-cü ildə onların sayı 160 nəfərə qədər  artdı. Cəmiyyətin xəzinədarı Kərbəlayi Əlibaba Zərbəliyev öz vəsaiti hesabına məktəb binası tikdirmişdi. Məktəbin müəllimləri arasında Hüseyn Cavid və Seyid Hüseyn də var idi.

Cəmiyyət Biləcəri, Binə, Qobu kəndlərində, Quba uyezdinin Dəvəçi kəndində rus-Azərbaycan məktəbi açmışdı. Onların bir məktəbi də Bakıda fəaliyyət göstərirdi. Cəmiyyətin məktəblərində uşaqlara, həm də müxtəlif sənət və peşələr öyrədilirdi. Cəmiyyət Salyan məktəbinə, Şamaxı şəhər 4 sinifli məktəbinə, Kiyev Universitetinin müsəlman tələbələrinə də maddi yardım göstərmişdir.

Cəmiyyətin nəzdində dövrünün görkəmli aktyorları, yazıçı və dramaturqlarını  öz ətrafında birləşdirmiş xüsusi teatr truppası fəaliyyət göstərirdi. Tamaşaların təşkilinə, repertuarın seçilməsinə və icrasına Səməd Mənsur rəhbərlik edirdi. Onun fəaliyyəti sayəsində Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla kimi görkəmli aktyorlar «Səfa» truppasına cəlb olundular. Truppa Nəcəf bəy Vəzirovun «Ağakərim xan Ərdəbili», «Yağışdan çıxdıq, yağmura düşdük», Nəriman Nərimanovun «Nadanlıq», «Nadir şah», Əbdürrməhim bəy Haqverdiyevin «Pəri-cadu» və s. pyeslərini oynamışdır. Zülfiqar bəy Haclbəylinin “Evliykən subay” operettası ilk dəfə burada tamaşaya qoyulmuşdur. Azərbaycan opera müğənnilərinin səsinin qrammofon valına yazılmasında, milli opera sənətinin populyarlaşmasmda da «Səfa» cəmiyyətinin mühüm rolu olmuşdur.

Esmira Rəhimova
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin  elmi fond şöbəsinin müdiri

YUXARI