MƏDƏNİYYƏT3.12.2023 07:00

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

10042

Şamaxı rayon Mədəniyyət Mərkəzində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev muzeyinin birgə təşkilatçılığı ilə yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin foyesində görkəmli yazıçı Əzizə Cəfərzadənin və şair-qəzəlxan, xanəndə- bəstəkar Ağakərim Nafizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əzizə Cəfərzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən natiqlər xalqımızın yüzillər boyunca formalaşmış yüksək milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında zəngin şifahi ədəbi irsimizin yorulmaz tədqiqatçılarından olan Əzizə Cəfərzadənin yaradıcılığının böyük rol oynadığından söz açıblar. Əzizə xanım Cəfərzadənin oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşüb və yazıçının yaradıcılığına həsr olunmuş yeni çapdan çıxmış kitabları haqqında məlumat verib.

Daha sonra xanəndə-bəstəkar, şair-qəzəlxan Ağakərim Nafizin 75 illik yubleyinə həsr edilən “Təzkireyi-Nafiz” adlı kitabın təqdimatı keçirilib və şair Ağakərim Nafiz çıxış edib.

Tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqramla başa çatıb.

YUXARI