CƏMİYYƏT18.5.2024 15:00

Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

2930

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında müzakirələrdə çıxış edib.

Bu barədə Milli Məclisdən məlumat verilib. Müzakirələr zamanı bir çox vacib məsələlərə diqqət yetirildiyini deyən spiker Sahibə Qafarova dolğun və vacib müzakirələr aparıldığını bildirib. O, sülh, təhlükəsizlik və qanunun aliliyini inkişaf etdirmək üçün parlament diplomatiyasının önəmini diqqətə çatdıraraq, deyib ki, bu, gələcəyə dair düşüncələrimizlə sıx bağlı olan məsələdir. Milli Məclisin sədri bildirib ki, qanunun aliliyi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün ilk şərtdir. Bu məsələyə istənilən yanaşmanın əsasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsiplərinə ciddi riayət edilməsi və ayrı-seçkiliyə yol vermədən tətbiqi dayanmalıdır.

Spiker Sahibə Qafarova dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, Parlamentlərarası İttifaqın öz fəaliyyətində və 6-cı Ümumdünya Konfransı çərçivəsində bundan sonra da bu məsələyə diqqət yetirməli olduğunu bildirib.

Milli Məclisin sədri iqlim dəyişikliyi probleminə də toxunaraq, deyib ki, bu, təcili həll edilməli olan qlobal problemlərdən biridir.

Sahibə Qafarova xatırladıb ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək üçün seçilib və bu ilin noyabrında Bakıda bu möhtəşəm tədbir təşkil olunacaq. Onun sözlərinə görə, Azərbaycan bütün tərəfləri cəlb etmək və bütün ölkələri və cəmiyyətləri ümumi məqsəd ətrafında birləşdirmək üçün əlindən gələni edəcək.

Sahibə Qafarova deyib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı da bu məsələ ilə bağlı yeni ideyalar və yanaşmalar formalaşdırmalı və gələcək fəaliyyətlərdə bunları əks etdirməlidir.

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə Qadın Parlament sədrlərinin də görüşündə iştirak edib. Tədbirdə öncəki sammitlərin nəticələri nəzərdən keçirilib və növbəti sammitə hazırlıq məqsədilə bir sıra təşkilati məsələlər müzakirə edilib.
Spiker Sahibə Qafarova çıxışında dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərə diqqət çəkib. O deyib ki, gender bərabərliyi mövzusu müxtəlif tədbirlərdə müzakirə olunsa da hələ də bir çox ölkələrdə bununla bağlı məsələlərin həllinə nail olmaq mümkün olmayıb.

Spiker Sahibə Qafarova dedi ki, növbəti Sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzuları geniş müzakirə olunmalıdır. O, həmçinin qlobal iqlim dəyişikliyi məsələsinin olduqca aktual olduğunu nəzərə alaraq, qadınların bu məsələdə də fəal iştirakının vacibliyini qeyd edib.

YUXARI