Britaniyaya iki günlük rəsmi səfəri çərçivəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd əl Tani və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Kral III Çarlz Qətər Əmirini sarayda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib və onun Böyük Britaniyada keçirdiyi gənclik illərini xatırladıb. O, çıxışında Qətər Əmirinə iki ölkə arasındakı mövcud dərin, şəxsi və tarixi əlaqələrə görə ehtiramını ifadə edib.
Ziyafətə dəvət olunan qonaqlar arasında İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem və həyat yoldaşı Viktoriya da yer alıb. Devid Bekhem 2022-ci ildə Qətərdə keçirilən FIFA Dünya Kuboku zamanı Qətərin ödənişli səfiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, bu ziyafətdən sonra Bukinqem sarayında aparılacaq təmir işləri səbəbindən 2027-ci ilə qədər dövlət səfərləri Vindzor qəsrində keçiriləcək.