MƏDƏNİYYƏT17.3.2023 14:01

"Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib

3445

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala Qoruğunda bayram şənliyi keçirilib.

İdarədən verilən məlumata görə, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Qoruğun əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə həmçinin, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunmuş xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olublar.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və həmin ərazilərdə böyük çoşğu ilə Novruz bayramını qeyd etdilir.

“İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarını və Xalqımızı qədim adət-ənənələrə söykənən bayram münasibəti ilə təbrik etdi. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin Qala Qoruğuna daim göstərdiyi diqqət və qayğıdan bəhs edərək 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış açıq səma altında muzey kompleksinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakını vurğuladı.

Eyni zamanda, 2009-cu il tarixində Novruz bayramının çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini qeyd etdi.

Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Qala qoruğunda möhtəşəm konsert proqramı ilə davam etdirilib.

YUXARI