CƏMİYYƏT29.11.2024 22:00

Ombudsman: Mediatorluq cəmiyyətlərdə sülhü təmin edən ən nümunəvi missiyadır

4101

Mediatorluq cəmiyyətlərdə sülhü təmin edən ən nümunəvi missiyadır.

Crossmedia.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Mediatorlarının I Beynəlxalq Qurultayı çərçivəsində “Mediatorluq və alternativ problemlərin həlli yolları” adlı seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ombudsman Aparatı mediatorluq qurumunun qanuniləşməsində və formalaşmasında önəmli təkliflər verib: “Mediatorlar Şurası ilə qurulan əməkdaşlıq nəticəsində bu proses daha təsirli vasitəyə çevrilib. Bugünkü toplantıdakı mediatorları əmin etmək istəyirəm ki, hər zaman sizin yanınızdayıq”.

Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç isə bildirib ki, bütün dünyanın sülhə ehtiyacı var: “Vətəndaşlarla dövlət qurumları arasında hüququn təminini tənzimləyən vasitəçi olaraq türk dünyası mediatorlarına "xeyirli olsun" deyirik”.

Özbəkistanın sabiq ədliyyə naziri Fozijon Otakhonov deyib ki, ölkəsində “Mediator haqqında” qanun qəbul edilib: “Özbəkistan Prezidenti bu sahəyə çox önəm verir. Mediatorluq fəaliyyətinə xalq diplomatiyası da demək olar. Hazırda dövlətlərin hər cür təminatı var, amma yenə də müharibələr dayanmır. Mediatorlar bu savaşları dayandırmaq üçün öz xidmətini əsirgəməməlidir”.

Qeyd edək ki, noyabrın 28-dən başlayan beynəlxalq tədbir dekabrın 1-dək davam edəcək.

YUXARI