XƏBƏRLƏR28.11.2024 14:00

Komitə sədri: Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur

4984

Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitə iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

“200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

M.Quliyevin sözlərinə görə, bu gün insanların orta ömür müddəti uzanır:

“İnsanların sağlamlığı imkan verir ki, daha aktiv əmək və həyat fəaliyyəti ilə məşğul olsunlar. Ona görə də pensiya yaşının azaldılması real məsələ deyil. Bu həm də kiminsə istəyinə bağlı iş də deyil. Bu, eyni zamanda, DSMF-nin dayanıqlılığına təsir edən məsələdir.

Burada çoxlu parametrlər ortaya qoyulmalı, ölçülüb-biçilməlidir. Həmçinin burada demoqrafik, iqtisadi və sosial göstəricilər də var. Ən azı 30 illik perspektiv strateji hesablama göstəricilərinə baxmaq lazımdır”.

O qeyd edib ki, müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü nə müavinət, nə pensiya, nə də sosial yardım növüdür:

"Bu, Prezidentin qayğısı nəticəsində təsis edilən təqaüddür. Ümumiyyətlə, prezident təqaüdünün verilməsi qaydası, məbləği və sair məsələlərin Milli Məclisdə, yaxud başqa orqanda müzakirə olunması siyasi etikaya uyğun deyil".

YUXARI