CƏMİYYƏT2.10.2024 16:20

İqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və region ərazisi ilə məhdudlaşmır - Ombudsman

2981

Ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmır

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi kompleks tədbirlər və ölkəmizin beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, qlobal əhəmiyyətli mötəbər bir tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 dünya ölkələrinin yekdil qərarı ilə bir ay sonra Azərbaycanda keçiriləcəkdir.

“Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə zəruri addımlar atılır və COP29 Təşkilat Komitəsinin üzvü olaraq biz də bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışırıq.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliklərinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində yerli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur.

Təbii ki, ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmır”,- deyə o bildirib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

YUXARI