KRİMİNAL6.12.2023 22:00

İntihar ailə daxilində baş verdiyi üçün çox zaman qapalı qalır - Baş Prokurorluq

2611

Bu gün intihar və intihara cəhdlərin sayında ciddi artım qeydə alınır. Hüquq-mühafizə orqanları belə hallarının qarşısının alınması üçün ciddi tədbirlər görür. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o, həqiqətən, özünü öldürmək istəyib? Lakin təəssüflər olsun ki, bu sahədə psixoloji ekspertizalarımız azdır.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu səbəbdən intihar hallarının açılmasında ciddi problemlər yaşanır.

"İntihar halları, əsasən, ailə daxilində baş verdiyi üçün belə hadisələr çox zaman qapalı qalır. Yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər. Ona görə belə halların açılması ya natamam qalır, ya da açılmır. Bu istiqamətdə hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır".

R.Süleymanov qeyd edib ki, bu cinayətlərin baş vermə səbəbini araşdıranda onların, əsasən, erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur.

"Digər cinayətlər var ki, biz zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə "ictimai qınaq" var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışmaq ərizələri təqdim edirlər.

Ən pis hal odur ki, zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim edir. Nəticədə cinayət bağlı qalır".

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

YUXARI