BAXIŞ BUCAĞI28.9.2021 11:07

Hər şey “nöqtə”dən başladı

309

Tarix kitablarında qeyd olunur ki, orta əsr Avropa elçi və səyyahlarından biri Səfəvilər dövlətini ziyarət etdikdən sonra əsərində qeyd edib ki, Azərbaycan yatmış şiri xatırladır. Bu misal müxtəlif zamanlarda müxtəlif formada işlədilirdi və inkişaf etdirilirdi. Lakin etiraf edək ki, son illərdə bu fikir öz əhəmiyyətini xeyli itirmişdi və hətta bir qədər də rişxəndlə qarşılanırdı. Çünki Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin qurulmasına siyasi cəhətdən kəskin müqavimət göstərsə də, praktikada heç bir irəliləyiş yox idi. Hətta bir çoxlarında ümidsizlik də yaranmışdı. Əlbəttə, siyasət böyük səbr göstərmək, zamanı gələndə hərəkətə keçmək və qazanmaq elmidir, desəm – yanılmaram. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin kökündə məhz bu siyasətin dayanması özünü bütün tərəflərdən sübut etdi. Zaman o qədər dəqiq seçilmişdi ki, siyasi cəhətdən münbitlik hətta hava şəraitində də özünü göstərdi və hərbi əməliyyatlar aparmağımızın tərəfində oldu. Zərbə isə çox dəqiq vurulmuşdu və elə vurulmuşdu ki, Ermənistan bundan sözün həqiqi mənasında sarsıldı.

Qəribədir ki,  Topxana meşəsinin qırılmasına görə ayağa qalxan, meydanlara axışan xalqın, sonradan ərazilərini bir-birinin ardınca itirdiyini görməsi necə dözülməz qəbul edilirdisə, 27 il səbr edəndən sonra itirdiklərini yenidən əldə etmək üçün mücadiləyə qalxması da  bir o qədər möcüzəvi və heyrətedici idi. Demək, dözümün, səbrin də bir sərhəddi olur və qarşı tərəf bunun hüdudsuz olduğunu düşünəndə sonun başlanğıcı yetişir.

Yadınızdadırsa, 2019-ci ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən danışanda bir ay öncə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözünü yenidən təkrar etdi. Bu dəfə o açıq söylədi ki,
 Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü çərçivəsində aparmaq istəyir:  “Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır”.  Xalqımızı hiddətləndirən hadisələrdən biri də  qondarma qurumda “seçkilər”in keçirilməsi və separatçı rejimin “başçı”sının inaqurasiya mərasimin də Şuşada təşkil olunması idi. Bundan əlavə, qondarma parlamentin Şuşaya köçürülməsinin elan edilməsi də düşünülməmiş atılan addımlar sırasında idi. Birinci bəyanatına bəlkə də, o qədər əhəmiyyət verməyənlər, siyasətə yeni gəldiyini və daxili publikanı ələ almaq üçün “blef” etdiyini və ya sərsəmlədiyini hesab edənlər Vanadzordakı çıxışından sonra ciddi olduğunu və bununla danışıqlar prosesinin bitdiyini, hətta münaqişənin yenidən alovlanacağını yəqin etdilər. Çünki Paşinyana qədər heç bir işğalçı Ermənistan rəhbəri Azərbaycanın hissləri ilə bu qədər oynamağa, sözün həqiqi mənasında, cəsarət etməmişdi. Bunu sonralar torpaqlarımızın işğalında birbaşa “əmək” sərf etmiş Ermənistanın eks, prezidenti Robert Koçaryan da təsdiqləyəcəkdi və Nikolun apardığı siyasətin onlar üçün faciəylə bitdiyini əsaslandıracaqdı.

Təbii ki, Paşinyanın siyasəti Azərbaycan dövlətini narahat etməklə yanaşı, cəmiyyətimizi də hədsiz qəzəbləndirirdi. Azərbaycanın xarici siyasəti sanki diksinmiş vəziyyətdə idi. Çünki danışıqlar prosesinə illər sərf edilmişdi, ortada beynəlxalq sülh missiyalarının səmərəsiz də olsa fəaliyyətləri, tapdalanan BMT qətnamələri var idi. Və pis-yaxşı bir danışıqlar prosesi mövcud idi. İndi isə bu prosesə göstərilən etimad, konstruktiv nəticəyə bağlanan ümid yerə vurulmuşdu.

Əlbəttə, Azərbaycan Prezidentinin həmin ilin oktyabrında Valdayda– Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edərək Ermənistanın baş nazirinə “Qarabağ Azərbaycandır və nida işarəsi” – cavabını verməsi nə etsəniz də torpağımızdan vaz keçməyəcəyik anlamı daşıyırdı. İlham Əliyev 2020-ci ilin fevralında Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində üzbəüz debatda da tarixi faktlara əsaslanan hazırcavab arqumentləri ilə Nikol Paşinyanı, sözün həqiqi mənasında gülüş hədəfinə çevirə bilmişdi. Həmin vaxt Paşinyanın siyasi danışıqlar prosesinə vurduğu ardıcıl zərbələri qəzəblə qarşılayan xalqımızın tək təsəllisi İlham Əliyevin beynəlxalq tribunalarda göstərdiyi qətiyyətli mövqeyi və savadlı, məntiqli cavabları idi. Lakin əsl qarşısıalınmaz proseslər irəlidə idi. Paşinyanın aqressiv ritorikası o səviyyəyə çatdı ki, ermənilər iyulda Tovuza diversiya hücumu təşkil etdilər. Doğrudur, Azərbaycan Ordusu onların hücumunu dəf etdi. Lakin eyni zamanda bir neçə yüksək rütbəli hərbçilərini itirdi. Ən təsirli məqam isə itirilən əsgər və zabitlər arasında böyük nüfuzu ilə seçilən general-mayor Polad Həşimovun da olması idi. Cəmiyyət çaşqınlıq içində olsa da, qəzəb və illərin amansız məğlubiyyətlər seriyasından birdəfəlik qurtulmaq istəyi öz sözünü dedi. Millət ilk dəfə meydanlara axışaraq generalın qisasının alınmasını, torpaqların işğaldan azad edilməsini dövlətdən tələb etdi və könüllü şəkildə hərbi komissarlıqlara üz tutdu. Bu, sanki millətin dirilişi idi.  Azərbaycan xalqının tənəzzülə uğramış  döyüş, özünüdərk və əzmkarlıq ruhunun yenidən qayıdışı idi.

Həmin vaxtlarda xaricdə yaşayan azərbaycanlılarla ermənilər arasında kütləvi qarşıdurmalar baş verdi. İllərdir dünyanın müxtəlif ölkələrində kök salmış, maliyyə mənbələrini təmin etmiş ermənilər azərbaycanlıların öz Vətənlərinin haqq işini dəstəkləyən aksiyalarına zorba hücumlar etməyə başladılar. Nə qədər soydaşımız bu hücumlar zamanı xəsarətlər aldı. Dünyanın böyük şəhərlərinin küçələri erməni-azərbaycanlı gənclərin döyüş meydanına çevrildi. Lakin vətənpərvər soydaşlarımız sayəsində ermənilərin bütün quldur hərəkətləri yerində oturduldu.

Cəbhədə isə vəziyyət ürəkaçan deyildi. Havadan barıt qoxusu gəlirdi. Danışıqlar prosesi tamamilə dayanmışdı və aqressiv ritorika hökm sürürdü. Ermənilər mütəmadi olaraq təmas xəttində atəşkəsi pozur, Azərbaycanı gərginlik altında saxlamağa cəhd edirdilər. Lakin sentyabrın 27-də edilən növbəti diversiya cəhdi əks-hücumla nəticələndi.  Ermənilər  nə baş verdiyini hələ də anlamırdılar. Çünki qarşılarında problemi siyasi cəhətdən həll etməyə meyilli olan  Azərbaycan artıq yox idi. Bütün cəbhəboyu əks-hücuma keçməyə qərar verən Azərbaycan Ordusu elə həmin gün ciddi uğurlar qazanmağa başladı. Ölkəmizdə hərbi vəziyyət elan olundu. Ölkə ictimaiyyətinin nəzərləri, dövlətin siyasəti, dünya azərbaycanlılarının diqqəti bir nöqtəyə–düşmənə qarşı cəmləndi. Ondan bir gün öncə hər kəs cəbhədən barıt qoxusunun gəldiyini, müharibə olacağını yəqin etsə də, heç kəsin ağlına gəlməzdi ki, sentyabrın 27-də elə bir hərəkat, elə bir müzəffər yürüş başlayacaq ki, bir neçə günə hamı içindəki rahatlığını hansısa şəkildə hiss edəcək, hər kəs özünü şərəfli, qürurlu sanacaq, hər bir azərbaycanlı çiynindən hansısa ağır yükün götürüldüyünü, əyilmiş mənəvi qəddinin düzəldiyini dərindən duyacaq, “hər şey Vətən üçün” deyib malını və canını xərcləməkdən ötrü yumruq kimi birləşəcək. Heç kəsin ağlına gəlməzdi ki, bu yumruq həm də Ali Baş Komandanın dili ilə “Dəmir yumruq! hərbi əməliyyatına çevriləcək və düşmənin başına vurulacaq.

Beləliklə, 2020-ci ili sentyabrın 27-də Vətən müharibəsinin başlaması nəinki, “Qarabağ Ermənistandır nöqtə! tezisinin  yüngül, lüzumsuz söz yığını olduğunu üzə çıxardı, həm də, “Qarabağ Azərbaycandır və nida” şüarının  nə qədər əsaslı deyildiyini və  sadəcə, şüar kimi qalmadığını sübut etdi. Beləcə, nöqtə ilə başlayan avantüra, nida ilə iflasa uğradıldı. 27 sentyabrdan başlayan müzəffər yürüş nəticəsində xalqımız, dünya ictimaiyyəti, həmçinin düşmənər də şahid oldu ki, Azərbaycan dövləti dedi və öz torpaqlarının işğalda qalması ilə barışmadı, şəhidlərinin qanını yerdə qoymadı və müqəddəs müharibəyə başladı. Artıq həmin müzəffər yürüşün bir illiyini qeyd etdik. Dövlət başçısı başda olmaqla tədbirdə iştirak edən hər kəs şəhidlərin plakatlarını əllərində tutaraq yürüş etdilər. Onların xatirəsi hər birimiz üçün əziz olaraq qalacaq. Müqəddəs müharibəmizin gedişatı boyu ağlagəlməz uğurlarımızın səbəbkarları, can fədailəri olan şəhidlərimizin, qazilərimizin, qarşısında  baş əyirik, təzim edirik, onları ehtiramla anırıq.

Anar TURAN

YUXARI